REGİONLAR


Gəncədə Türk Şurasının Gənclər Festivalı keçirilir

A+ A

Gəncə, 28 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Türk Şurasının Gənclər Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan, həmçinin qonaq qismində Qətərdən olan nümayəndə heyətləri iştirak edir.

Festival çərçivəsində “Türkdilli dövlətlərdə gənclər siyasətinin inkişafı və gənclərin problemləri” mövzusunda “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”da iştirakçılar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini əks etdirən filmə tamaşa ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömer Kocaman çıxış edərək bildirib ki, festivalın keçirilməsində məqsəd türkdilli dövlətlərin gəncləri arasında mübadilənin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev qonaqlara “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi haqqında məlumat verib. Xatırladıb ki, layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Bütün bu tədbirlər Gəncə şəhərinin dünyada tanıdılmasına və gənclərin gələcək əməkdaşlığına xidmət edir.

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Orhan İşık bu tədbirin türk xalqlarının ortaq rifahı üçün yeni imkanlar açacağını bildirib.

Qırğızıstan təmsilçisi Cupun Şamiyeva isə qeyd edib ki, Türk Şurasının Gənclər Festivalı tarixi hadisədir. Festival gələcəkdə bütün sahələrdə ölkələrarası əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.

Qətərdən olan iştirakçı Abdulla Təmim türk dilində danışan ölkələrin müxtəlif sahələri əhatə edən tədbirdə bir araya gəlməsini mühüm hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, Türk Şurasının Gənclər Festivalı sentyabrın 30-dək davam edəcək. Festival çərçivəsində gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa, yaradıcı gənclərin iştirakı ilə konsert proqramı, gənc fotoqrafların sərgisi və milli mətbəx gecəsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.