CƏMİYYƏT
Gənclər Günü ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə hədiyyəsidir
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Gəncləri Günü xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə gəncliyinə hədiyyəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikir Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri, fəal gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra 2 fevral – Gənclər Gününün tarixi barədə məlumat verilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva, Silahlı Qüvvələrin zabiti, mayor Ramil Səfərov, ölkəmizdə təhsil alan misirli tələbə Lokman Abdin Gənclər Gününün əhəmiyyətindən danışıblar. Çıxışlarda bu günün ulu öndərimiz Heydər Əliyevin gənclərə hədiyyəsi olduğu xüsusi vurğulanıb.
Natiqlər Prezident İlham Əliyev tərəfindən ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğının onların fəaliyyəti üçün əlverişli şərait yaratdığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Gəncləri Günü münasibətilə fəal gəncləri təbrik edib. X.İsgəndərov bu gün Azərbaycanda yüksək intellektli, vətənpərvər, xalqına və dövlətinə sadiq fəal gənclərin olduğunu vurğulayaraq, ölkəmizin gələcəyinin etibarlı əllərdə olacağına əminliyini bildirib.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup binəqədili gənc, o cümlədən “Master-2” layihəsi çərçivəsində təcrübə müddətini uğurla başa vuran “ASAN” könüllüləri mükafatlandırılıblar.
Tədbir rayonun istedadlı gənclərinin və tanınmış incəsənət xadimlərinin ifasında maraqlı konsert proqramı ilə başa çatıb.