CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurası Almaniyada keçirilən beynəlxalq konqresdə təmsil olunur
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Almaniyanın Düsseldorf şəhərində keçirilən “Gənclər üçün sosial və ədalətli Avropa” konqresində iştirak edir.
Şuradan AZƏRTAC-a bildiriblər ki, martın 27-də işə başlayan konqresin məqsədi daha demokratik, sosial və ədalətli Avropanın yaradılmasında gənclərin iştirakını təmin etmək, bu qitənin müxtəlif ölkələrindən olan ekspertlər arasında əməkdaşlığı gücləndirməkdir.
Martın 30-dək davam edəcək tədbirə 400-dək iştirakçı, o cümlədən gənclər və beynəlxalq ekspertlər qatılıb.
“Gənclər üçün sosial və ədalətli Avropa” konqresi 30 min iştirakçının qatıldığı “Alman Uşaq və Gənclər Rifah” konqresinin (EUROPE@DJHT) tərkib hissəsidir. Tədbir çərçivəsində panel müzakirələri və qrup işləri ilə yanaşı, uşaq və gənclər sahəsində fəaliyyət göstərən 31 quruma infoturlar təşkil olunur.