CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurası Vergilər Nazirliyi ilə birlikdə məlumat turu təşkil edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü çərçivəsində Vergilər Nazirliyi ilə birgə məlumat turu keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, məlumat turunda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva, vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi Mahir Rəfiyev, Milli Şuranın sədri Seymur Hüseynov və 11 gənclər təşkilatının rəhbərləri iştirak edib.
Məlumat turu zamanı Vergilər Nazirliyində rəhbər şəxslərin və gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Vergilər Nazirliyinin "Vergi dostları" şəbəkəsi haqqında danışılıb və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Məlumat turu çərçivəsində gənclərə Azərbaycan Respublikasında vergi sisteminin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, vergi miqdarının təyin edilməsi, vergidən yayınma halları ilə bağlı ödənilən cərimələr haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, iştirakçılar nazirliyin inzibati binası, çağrı və xidmət mərkəzi ilə yaxından tanış olublar.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında gənclər təşkilatlarının təşəbbüsünə dövlət qurumlarının dəstək göstərməsinin təqdirəlayiq olduğunu söyləyib. Bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi üçün belə tədbirlərin keçirilməsi əsas amillərdən biri olmalıdır.
Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının məlumat turlarını keçirməsində əsas məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarix, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir.