Gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün seminarın iştirakçıları ilə görüş keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sorbon Abu-Dabi Universiteti ilə birgə təşkil edilən “Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminarın iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov gənclərin inkişafı, onların iş sektorunda iştiraklarının təmin olunması baxımından seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Ölkəmizdə gənclərin inkişafının, onların məşğulluğunun təmin olunmasının diqqət mərkəzində saxlanıldığını vurğulayan nazir bu məsələlərin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında geniş şəkildə əksini tapdığını qeyd edib. Azərbaycanda gənclər sahəsində görülən işlərdən danışan A.Rəhimov seminarın davamlı olacağına əminliyini bildirib.
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez gənclərin inkişafı üçün mühüm əhəmiyyət daşıyan seminarın təşkili üçün Fransanın ən yaxşı ali təhsil müəssisələrindən sayılan Paris Sorbon Abu-Dabi Universitetinə göstərilən etimada görə minnətdarlığını bildirib. Diplomat iştirakçıların seminar müddətində əldə etdikləri biliklərin onların karyeralarında çox faydalı olacağını vurğulayıb. O.Buşez Paris Sorbon Universitetinin Azərbaycanda müxtəlif qurumlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Gənclər sahəsində çalışan dövlət qulluqçuları və gənclər təşkilatlarının fəalları üçün təşkil edilən seminarda iştirakçılara gənclərlə interaktiv işin beynəlxalq qanunvericiliyi, münaqişələr və inkişaf modelləri, gənclərlə işin Azərbaycan modeli, beynəlxalq akkreditasiyaların gənclərlə iş sektorunda rolu, İnteqrativ Keyfiyyətin İdarə Edilməsi Sistemi barədə məlumatlar verilib.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.