CƏMİYYƏT
Gənclərin Beynəlxalq Sülh Forumunun iştirakçıları Azərbaycandakı demokratik islahatlar haqqında məlumatlandırılıblar
Aparatdan AZƏRTAC-a bildirilib ki, görüşdə ombudsman Elmira Süleymanova bəşəriyyətin dayanıqlı inkişafının insan hüquq və azadlıqlarının qorunması, sülh və təhlükəsizliyin təmin edilməsindən asılı olduğunu, davamlı inkişafa yönəlmiş yolun sülh, ədalət, tolerantlıq, qanunun aliliyindən keçdiyini bildirib. O, Azərbaycanın son 20 ildə qazandığı uğurlar, həyata keçirilən demokratik islahatlar, dövlət proqramları, regional əməkdaşlıq və Avropaya inteqrasiya istiqamətində əldə edilmiş nailiyyətlərdən danışıb.
E.Süleymanova 21 sentyabr - Beynəlxalq Sülh Gününün insanların hüquqlarını, zorakılıq və münaqişə olmayan cəmiyyəti, firavan həyatı təcəssüm etdirdiyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ombudsman Azərbaycanın sülh siyasəti və sülhməramlı mövqeyi haqqında fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyini qeyd edib.
Müasir düşüncəli gənclərin ictimai həyata intensiv cəlb olunmasının demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən olduğunu qeyd edən müvəkkil uşaqların və gənclərin də hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən danışıb.
Çıxış edən qonaqlar səfər zamanı ölkəmiz haqqında ətraflı məlumat aldıqlarını söyləyiblər.
Görüş interaktiv müzakirələr şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.