CƏMİYYƏT
“Gənclik və davranış” layihəsinin icrasına start verilir
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Bəhlul Nuriyevin rəhbəri olduğu “Gənclik və davranış” layihəsinə start verilir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi gənclər arasında ictimai davranış qaydalarını təbliğ etməkdir.
Layihə çərçivəsində, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri və ali, həmçinin orta ixtisas məktəblərinin tələbələri ilə təlimlərin keçirilməsi, gənclərə ictimai davranış qaydalarını əks etdirən videoçarxın təqdim olunması, davranış qaydalarını əks etdirən bukletlərin gənclər arasında paylanması və bu işlərin media tərəfindən işıqlandırılması nəzərdə tutulub.
Bundan başqa, əsas hədəf qrupu 17-27 yaş arasında ölkəmizdə təhsil alan gənclərin olduğu layihə zamanı gənclərə müxtəlif mövzularda ictimai davranışla bağlı situasiyalar təqdim olunacaq və nəticədə bu qaydalar onlara həm nəzəri, həm də praktiki yolla nümayiş etdiriləcək.
Layihənin ilkin hazırlıq işləri və təlimlər Bakıda, təbliğat materiallarının paylanması isə paytaxtda və Sumqayıtda həyata keçiriləcək.