İQTİSADİYYAT
Georgi Kvirikaşvili: Cənubi Qafqaz Boru Kəməri bütün region üçün mühüm əhəmiyyət kəsb edir
Tbilisi, 2 may, AZƏRTAC
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşündə “Bakı-Supsa” layihəsinin modernləşdirilməsi məsələsi diqqət mərkəzində olub.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, Georgi Kvirikaşvili BP-nin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Britaniyanın bu nüfuzlu neft-qaz şirkəti ilə əməkdaşlıq böyük layihələri həyata keçirmək üçün geniş imkanlar açır.
Baş nazir Gürcüstanda davam edən layihələrdən danışıb, BP ilə əməkdaşlığın perspektivlərini qeyd edib.
Tərəflər “Bakı-Supsa” boru kəmərinin modernləşdirilməsi və “Şahdəniz” layihəsinin ikinci mərhələsinin müəyyən bölmələri ilə bağlı müzakirələr aparıblar.
Görüşdə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi də diqqət mərkəzində olub. Baş nazir bu layihənin ölkəsi və eləcə də bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, layihənin genişləndirilməsi il ərzində boru kəmərinin qaz tutumunu artırır və Xəzər dənizindəki “Şahdəniz-2” qaz yatağından Avropa ölkələrinə əlavə 16 milyard kubmetr qaz artırmağı nəzərdə tutur.
Görüşdə BP ilə 20 illik uğurlu əməkdaşlıq qeyd olunub və şirkətin ən böyük xarici investor olduğu bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi