CƏMİYYƏT
Gömrükçülər 20 kiloqramdan artıq narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar
Bakı, 16 aprel, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 20 kiloqramdan artıq narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, idarə əməkdaşları Füzuli rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri satmaq istəyən İran İslam Respublikası vətəndaşları Aşena Murtuza və Xəlili Səccad saxlanılaraq onlara məxsus iki ədəd idman çantasına baxış keçiriblər.
Baxış zamanı idman çantalarının birində polietilen paketlərdə qablaşdırılan 10 ədəd bağlamada, digər çantada isə eyni formalı 11 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 390 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə faktlarına görə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşları A. Murtuza və X. Səccad şübhəli şəxs qismində tutulub, onlara CM-in müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.