REGİONLAR
Goranboyda “Azərbaycan mətbuatı bu gün” mövzusunda “dəyirmi masa”
Goranboy, 22 iyul, AZƏRTAC
Goranboy Rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon mədəniyyət müəssisələrinin təmsilçiləri, kitabxana işçiləri, həmçinin yerli “Mübariz” qəzeti redaksiyasının əməkdaşları iştirak ediblər.
Tədbirdə Mərkəzi Kitabxananın direktoru Gülnarə Nəsibova və digərləri Azərbaycanda ilk mətbuat orqanı olan “Əkinçi” qəzetinin yaranmasından, qəzetin ölkənin ictimai-siyasi, mədəni həyatında oynadığı roldan söz açıb, dünyada və ölkədə mətbuatın müasir vəziyyətindən danışıblar.
Bildirilib ki, vaxtilə Azərbaycan ziyalılarının böyük fədakarlıqla əsasını qoyduqları milli mətbuat bu gün tarixi reallıqlar şəraitində ölkənin demokratik yolla inkişafı istiqamətində onunla birlikdə addımlayır və cəmiyyətin informasiya ilə təminatında əvəzsiz rol oynayır.
Sonda tədbir iştirakçıları “22 iyul - Milli Mətbuat Günüdür” adlı sərgi ilə tanış olublar.