REGİONLAR
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Salyanda anılıb
Saylan, 27 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 27-də Salyanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yoluna nəzər salıb. “Zərifə xanım elmi fəaliyyəti ilə Azərbaycan tibb elminə əvəzsiz töhfə verib”, - deyən T.Kərimov bildirib ki, o, həm də sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnəkdir.
Rayon mərkəzi xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Tünzalə Əsədova akademikin müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar və yüksək mənəvi keyfiyyətlərindən danışıb.
Qeyd olunub ki, alimin şəfalı əlləri minlərlə insanın qaranlıq gözlərinə işıq gətirib. Bildirilib ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademik Averbax adına yüksək mükafata layiq görülən ilk alim qadın idi.
Digər çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, akademikin zəngin elmi irsinin, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazıldığını qeyd ediblər.
Tədbir alimin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.