REGİONLAR
Göyçay narı Rusiya, Gürcüstan və Ukrayna bazarlarına çıxarılır
Göyçay, 4 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda nar bağlarında məhsul yığımına başlanılıb.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kəndlilər yetişdirdikləri narı topladıqdan sonra onun bir hissəsini bazara çıxarır, qalanını isə meyvə şirəsi istehsalı müəssisələrinə satırlar. Mütəxəssislərin qənaətinə görə, bu il bağlara göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olması və havanın əlverişli keçməsi bol məhsulun əldə edilməsinə səbəb olub. Bu il nar bağlarında ötən ildəkindən daha çox məhsul var. Kəndlilər hər nar ağacında 30-50 kiloqram meyvənin olduğunu deyirlər. Ən önəmlisi isə qabaqlayıcı tədbirlər görüldüyü üçün ağaclarda zədəli nar azlıq təşkil edir. Məhsul toplanışı dekabr ayınadək davam edəcək.
İcra hakimiyyətindən verilən məlumata görə, ötən il Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri 3960 hektar nar bağından 47 min 200 ton məhsul tədarük ediblər. İş adamları narın 40 faizini Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarıblar. İlkin hesablamalara görə, cari ildə nar istehsalı ötən ildəkindən çox, yəni 48 min 500 tona yaxın məhsul olacaq. Kəndlilər hazırda toplanan nar məhsulunu öz həyətlərində münasib qiymətə Rusiya və digər MDB ölkələrinin bazarlarına, eləcə də Bakı şəhərinə aparan iş adamlarına satırlar.
Rayon icra hakimiyyətindən onu da bildiriblər ki, Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Son iki ildə rayonda 350 hektar sahədə yeni nar bağı salınıb. Noyabr və dekabr aylarında rayonda yeni nar bağlarının salınması üçün hazırda sahələrdə hazırlıq işləri görülür. Rayonun 40-a yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" adlı nar sortlarının yetişdirilməsinə üstünlük verilir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun da 3960 hektarı bar verəndir.