CƏMİYYƏT
Göyçay sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırmalar davam etdirilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon sakini Ruhiyyə İbadovanın sentyabrın 4-də saat 09:49-da respublikanın şimal rayonlarında baş verən zəlzələ zamanı qorxaraq özünü su quyusuna atıb orada ölməsi barədə informasiyalar dərc edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin AZƏRTAC-a daxil olan məlumatında bununla əlaqədar bildirilir ki, sentyabrın 4-də saat 10:55-də Göyçay Rayon Prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib. Meyitin müayinəsi aparılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəsini suvarmaq məqsədilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində dərinliyi 20 santimetr olan həmin arxa yıxılaraq orada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır.