CƏMİYYƏT
Gürcüstan Patriarxı II İliya: “İslam dininin terrorla əlaqələndirilməsi yolverilməzdir”
Tbilisi, 1 dekabr, AZƏRTAC
Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliyanın təşəbbüsü ilə bu ölkədəki müsəlman icmasının üzvləri ilə görüş keçirilib.
Görüşdə son günlər dünyada və regionda cərəyan edən proseslər, terror aksiyaları, İŞİD üzvlərinin Gürcüstan ərazisində planlaşdırdığı cinayətlərə və çağırışlara qarşı birgə mübarizə və s. məsələlər müzakirə olunub.
Gürcüstan Müsəlmanları İdarəsindən bildiriblər ki, II İlya İŞİD və digər terror qruplaşmalarının törətdikləri cinayətlərin islam dini ilə heç bir əlaqəsi olmadığını söyləyib.
Dini rəhbər deyib: “İslam dini sülh, bərabərlik dinidir. Lakin bəzi qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif dinlərdən, o cümlədən islam dinindən istifadə edirlər. İslam dininin terrorla əlaqələndirilməsi yolverilməzdir. Son günlər İŞİD adlı terror qruplaşma Gürcüstanı da təhdid edir. Biz bu problemlərin həllinə çalışmalıyıq və terrora qarşı birgə mübarizə aparmalıyıq”.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov, Qərbi Gürcüstan müsəlmanlarının müftisi Begler Kamaşidze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze və başqaları çıxışlarında belə görüşlərin keçirilməsini yüksək qiymətləndirərək, bunun ölkədəki dini icmalar arasında əlaqələrin möhkəmlənməsində və terrora qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi