CƏMİYYƏT


Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

Tbilisi, 20 may, AZƏRTAC

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) təşəbbüsü ilə bir vaxtlar BBC radiosunda prodüser vəzifəsində çalışmış, tanınmış jurnalist Sədaqət İsmayılovaya həsr olunmuş tədbir keçirilib.

GAJB-ın sədri Nizami Məmmədzadə tədbirdə çıxış edərək deyib ki, S.İsmayılova 1960-cı ildə Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda anadan olub. İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra təhsilini Tbilisi Xarici Dillər İnstitutunda davam etdirib. 1994-cü ildən ömrünün sonuna qədər (2011-ci ilədək) Londonda BBC Azərbaycan xidmətinin aparıcısı, dünya bölməsinin prodüseri vəzifəsində çalışıb.

Bildirilib ki, istedadlı qələm sahibinin jurnalistlik fəaliyyəti təkcə Gürcüstan və Azərbaycanı deyil, dünyanı əhatə edib. Peşəsini dərindən bilən, sevən jurnalist BBC-də çalışdığı vaxtlarda da Vətənini unutmayıb, daim Azərbaycan və Gürcüstan haqqında verilişlər hazırlayıb.

Sonra Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ruslan Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, yazıçı publisist Əli Abbas, “Region Press” qəzetinin baş redaktoru Binnət Məmmədov, “Ümid” qəzetinin baş redaktoru Əlixan Yahyaoğlu, S.İsmayılovanın müəllimləri, yaxınları, onu tanıyan insanlar çıxış edərək xatirələrini bölüşüb, istedadlı qələm sahibinin fəaliyyətində Vətənə, xalqa, millətə bağlılığın daim ön planda olduğunu qeyd ediblər. S.İsmayılovanın fəaliyyətinin gənclər üçün örnək olduğu xüsusi vurğulanıb.

Tədbirdə bildirilib ki, GAJB-ın nəzdində Sədaqət İsmayılova Fondu yaradılıb. Fondun əsas məqsədi Gürcüstanda yaşayan, yaradan gənc azərbaycanlı xanımları dəstəkləməkdir. Fondun idarə heyəti hər il üç gənc qadına mükafat verəcək.

Çıxış edənlər Fondun yaradılmasını yüksək qiymətləndirib, bu addımın Gürcüstanda gənc xanımların jurnalistikaya, ədəbiyyata marağının artmasına təkan verəcəyini bildiriblər.

S.İsmayılovanın ailə üzvləri adından çıxış edən Ədalət İsmayılov fondun yaradılmasına, bacısının xatirəsini əziz tutduqlarına görə təşkilatçılara minnətdarlıq edib.

Xətayi Əzizov

AZƏRTAC-n xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.