DÜNYA
HİNDİSTANIN ANDHRA – PRADEŞ ŞTATINDA GÖRÜNMƏMİŞ İSTİDƏN 1037 ADAM ÖLMÜŞDÜR
Son 30 ildə görünməmiş, 3 həftə davam edən istilər nəticəsində Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatında 1037 adam ölmüşdür. Bu məlumatı ştat hökumətində fövqəladə hallar şöbəsinə başçılıq edən bir məmur açıqlamışdır. O bildirmişdir ki, qızmar hava Benqal körfəzinin sahilindəki kəndlər üçün daha fəlakətli olmuşdur. Oralarda havanın hərarəti gündüz Selsi ilə 49 dərəcəyə çatır. “Çoxdan idi ki, istidən bu qədər adam ölməmişdi”.
Andhra-Pradeş ştatı may ayının əvvəllərindən ölkənin şimal, mərkəz və cənub-qərb rayonlarını bürümüş qızmar havanın episentridir. İTAR-TASS-ın verdiyi xəbərə görə, Dehlidə də hava isti keçir. Günortadan sonra və axşam saatlarına qədər havanın hərarətinin Selsi ilə 45-46 dərəcə olması adi hala çevrilmişdir. Elektrik enerjisinin müəyyən səbəblərə görə kəsilməsi, su təchizatında vaxtaşırı fasilələr və demək olar ki, hər gün baş verən yanğınlar paytaxt sakinlərinə əlavə problemlər yaradır.