CƏMİYYƏT
Hadisə yerindən qaçan sürücü həbs edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Masallı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qaçan sürücü rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 24-də saat 19 radələrində Masallı rayonunun Kolatan kənd sakini Tahirov Seymur Ağaşir oğlu idarə etdiyi “Mercedes-Benz” markalı 90-CZ-584 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, yolu keçən piyadalar - Əhmədov Nəsimi Əhmədağa oğlunu və Fərzəliyev Ziyafət Tarverdi oğlunu vuraraq hadisə yerindən qaçıb. Nəticədə sonuncunun hadisə yerində ölməsində əsaslı şübhələr olduğundan faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Tahirov tutularaq istintaqa cəlb olunub.
S.Tahirov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.