CƏMİYYƏT
Hakimlərin tədrisi diqqət mərkəzindədir
Bakı, 1 aprel, AZƏRTAC
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, o cümlədən məhkəmə fəaliyyətində müasir texniki vasitələrdən istifadəyə mühüm əhəmiyyət verilir.
Bununla əlaqədar Ədliyyə Akademiyası tərəfindən müasir İKT-lərlə təchiz edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında hakimlər üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr geniş müzakirə edilib. Sərəncamın bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyduğu, hazırda məhkəmələrdə elektron sənəd dövriyyəsi və idarəetmə, “SMS bildiriş” proqramlarının sınaq rejimində tətbiq olunduğu bildirilib. Həmçinin texnoloji idarəetmə proqramları nümayiş etdirilib, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanıb.
Tədbirdə korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm kimi Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”in iş üsulunun öyrənilməsi və müasir İKT-lərin tətbiqində təcrübə mübadiləsinin təşkili məqsədilə Xidmətin əməkdaşları ilə görüş keçirilib, “Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi korrupsiyaya qarşı mübarizə vasitəsi kimi” mövzusu üzrə səmərəli müzakirələr aparılıb.
Həmçinin məhkəmə fəaliyyətində beynəlxalq təcrübənin əhəmiyyəti nəzərə alınaraq tədbir çərçivəsində ABŞ-dan olan təcrübəli ekspertlərin iştirakı ilə ədalət mühakiməsinin həyata keçirilməsinin müxtəlif mərhələləri üzrə təcrübə mübadiləsi keçirilib, səhnələşdirilmiş məhkəmə prosesi nümayiş etdirilib.