CƏMİYYƏT


Hematoloq: Son zamanlar bizə qanazlığı problemi ilə üz tutan xəstələrin sayı çoxalıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Son vaxtlar daha çox yayılmış qan xəstəlikləri hansılardır? Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsinin və düzgün diaqnoz qoyulmasının nə kimi müsbət təsirləri var? Bu və ya digər suallara Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynov aydınlıq gətirib.

AZƏRTAC ATU-nun mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir:

- Son zamanlar bizə qanazlığı problemi ilə üz tutan xəstələrin sayı daha da çoxalıb. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qanazlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yaranan qanazlığına da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər. Belə xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qanazlığı yaranır. Ona görə də qanazlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır.

Qanazlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz, dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda, "depo dəmiri" deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyəsi aşağıdırsa, belə xəstələrdə dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar. Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən qanazlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır.

Anemiyaların digər səbəblərindən biri də qeyd etdiyimiz kimi bədxassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir. Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır. Qanda olan ana hüceyrələri və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün sümük iliyini “biopsiya” və ya “aspirasiya” deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır.

- Bədxassəli qan xəstəliklərinin əlamətləri nədir?

- Bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qanazlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bədxassəli qan xəstəliklərində rast gəlinir.

Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma halları ilə müraciət edirlər. Məsələn, müraciət edən çox insan var ki, onlar uzun müddət boğaz ağrısından, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.

Bəzən qanazlığı və sümük ağrıları olan xəstələr, revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər. Mənim məsləhətim odur ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar. Bu, bizim tez-tez rastlaşdığımız mənzərədir. Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir. Çünki düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir.

-Qanazlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır?

-Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır. Amma qanazlığının profilaktikasından danışırıqsa (söhbət ən çox rast gəlinən “dəmir defisitli” anemiyalardan gedir), bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar (ət məhsulları və meyvələr) gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir.

-Belə xəstələr ən çox nələrə diqqət etməlidirlər?

-Onlar qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar həyat tərzinə, qidalanmaya fikir verməlidirlər. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs ən azı ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər.

Onu da deyim ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.