REGİONLAR
Həmidə xanım Məmmədquluzadənin ev-muzeyinə ekskursiya yaddaqalan olub
Ağcabədi, 22 dekabr, AZƏRTAC.
Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri görkəmli ictimai xadim, Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından biri Həmidə xanım Məmmədquluzadənin Kəhrizli kəndindəki ev-muzeyinə ekskursiya ediblər.
AZƏRTAC xəbər verir ki, məktəbin kollektivi muzeydə Həmidə xanımın yadigarı olan məişət əşyaları, əl tikmələri, ailə fotoarxivləri, əlyazmalar və digər əşyalarla tanış olublar.
Məlumat verilib ki, Həmidə xanım Cavanşir 1873-cü ilin yanvarında Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Əhməd bəy Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsidir.
1905-ci ildə atasının şeirlər kitabını nəşr etdirmək üçün Tiflisə gedən Həmidə xanım burada Cəlil Məmmədquluzadə ilə tanış olub. 1907-ci ildə Mirzə Cəlillə ailə quran Həmidə xanım ömrünün sonunadək çətin və kəşməkeşli həyat yollarında həmişə ona dayaq olub.
Həmidə xanım Kəhrizli kəndində kəhriz vurdurub, toxuculuq emalatxanası, məktəb açıb, və burada dərs deyib. O, yoluxucu xəstəliklərə qarşı peyvənd etməyi, həmçinin həmin xəstəliklərə tutulanlara yardım göstərməyi öyrənərək kəndliləri müalicə edib. Böyük xeyriyyəçi kimi yaddaşlara həkk olunan Həmidə xanım təkcə Kəhrizli kəndinin deyil, ətraf kəndlərdən də kömək üçün pənah gətirən insanlarının əlindən tutub, o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib.
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda Mirzə Cəlilin məzarının yanında dəfn olunub.
Həmidə xanım Məmmədquluzadənin ev-muzeyinə ekskursiya müəllim və şagirdlər üçün yaddaqalan və mənalı olub.