SİYASƏT
Həmvətənimiz Niyaz Vəliyev Rusiya ali məktəbinin birinci prorektorudur
Moskva, 26 oktyabr, AZƏRTAC
Həmvətənimiz Niyaz Vəliyev Ural Dövlət Dağ-Mədən Universitetinin (UDDU) birinci prorektoru vəzifəsinə təyin edilib.
Bu barədə məlumat AZƏRTAC-a Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğundan bildirilib.
Texnika elmləri doktoru, professor Niyaz Vəliyev, həmçinin universitetin elmi şurasının sədr müavinidir. O, V.V.Vaxruşev adına Sverdlovsk Dağ-Mədən İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Lenin komsomolu təqaüdünü alıb. İnstitutu bitirəndən sonra doğma təhsil müəssisəsində işləyib, müəllim karyerasına torf və filizli yataqlar kafedrasının assistenti vəzifəsindən başlayıb.
N.Vəliyev filizli yataqların tədqiqi sahəsində mütəxəssisdir. Əsas elmi işləri qiymətli metalların açıq, draqa və yeraltı üsulla hasilat problemlərinin həllinə həsr olunub. O, 150-dən çox dərc olunmuş əsərin müəllifi və həmmüəllifidir, üç texnika elmləri namizədi yetişdirib.
Həmvətənimiz əmək fəaliyyətinə və uğurlarına görə Sverdlovsk Vilayəti Hökumətinin fəxri fərmanı və RF Elm və Təhsil Nazirliyinin diplomu, “RF ali peşə təhsilinin fəxri işçisi” döş nişanı, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əmri ilə “Xidmətlərə görə” döş nişanı, Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının ekologiya sahəsində “Xidmətlərə görə” medalı ilə təltif olunub.
O, 2012-ci ildə “İlin professoru” nominasiyasında Sverdlovsk vilayəti qubernatoru mükafatının sahibi olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva