İQTİSADİYYAT
“Hər evə optika” layihəsi üçün 15 milyon dollar kredit cəlb edilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanda genişzolaqlı internetin inkişafını nəzərdə tutan “Hər evə optika” layihəsi üçün xarici şirkətdən 15 milyon dollar məbləğində ilkin kredit cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, layihənin mahiyyəti ondan ibarətdir ki, fiberoptik şəbəkə ilə əhatə olunmayan kəndlər ümumi şəbəkəyə qoşulsun. Artıq Bakı şəhəri, rayon mərkəzləri, kəndlərin 50 faizi fiberoptik şəbəkə ilə əhatə olunub, digər 50 faizinin fiberoptik şəbəkəyə qoşulması nəzərdə tutulur. Bu layihənin Azərbaycan Respublikası Dövlət Neft Fondundan maliyyələşdirilməsi gözlənilirdi. Amma bu ildən layihənin icrası üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsi qərara alınıb.
“Hazırda beynəlxalq qurumlarla və iri şirkətlərlə əlavə maliyyənin cəlb olunması ilə bağlı danışıqlar aparılır və bu danışıqların uğurlu olacağına ümid edirik. Layihə iqtisadi cəhətdən səmərəli olduğu üçün digər şirkətlər də layihəyə maraq göstərirlər”, - deyə nazir müavini diqqətə çatdırıb.
Qeyd edək ki, layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır. Bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.