CƏMİYYƏT
Hər il 5,5 milyondan çox insan çirklənmiş havanın qurbanı olur
Bakı, 13 fevral, AZƏRTAC
ABŞ Elmin İnkişafına Dəstək Assosiasiyasının təqdim etdiyi tədqiqatda bildirilir ki, ifrat çirklənmiş hava hər il 5,5 milyondan çox insanın ölümünə səbəb olur.
AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, ölümlərin təqribən 50 faizi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin payına düşür. Çin və Hindistan belə ölkələrdir. Hazırda, demək olar, bütün dövlətlər tullantıların miqdarını azaltmağa çalışır, amma zavodlar, elektrik stansiyaları, avtomobil nəqliyyatının işlənmiş qazları atmosferi çirkləndirməyə, zəhərləməyə davam edir. Alimlər etiraf edirlər ki, ölümün səbəbləri arasında havanın çirklənməsi dördüncü yerdədir. Bu həm də həyatın keyfiyyətinə təsir edən bir çox xəstəlikləri törədən amildir.
Gələcəkdə bu problem daha aktual olacaq. Tədqiqatçılar çirklənmiş havanın səbəb olduğu ölüm hallarının sayına görə birinci yeri tutan Çini göstəriblər. Məsələn, 2013-cü ildə burada təmiz hava qıtlığından təqribən 366 min nəfər ölüb. Belə getsə onların sayı artaraq, 2030-cu ildə təqribən bir milyon nəfərə çatacaq.
Hindistanda isə odun və peyin yandırılması rahat nəfəs almağa qoymur, çünki havada və evlərdə yanmış hissəciklərin konsentrasiyasının yüksək olmasına gətirib çıxarır. Ətraf mühitin çirklənməsinin səbəb olduğu ölüm hallarının ən aşağı faizi Şimali Amerika və Qərbi Avropa ölkələrində, habelə Yaponiyada qeydə alınıb. Bu ölkələrdə zərərli tullantıların miqdarını azaltmağa imkan verən tədbirlər görülür.