CƏMİYYƏT
“Hər kağızı bir yarpağa dəyişək” layihəsi uğurla davam edir
Bakı, 18 fevral (AZƏRTAC). IDEA İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsi uğurla davam edir. Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində hər gün saat 15:00-dan 18:00-dək Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilir.
Aksiyanın ilk həftəsində iştirak edən dövlət orqanları arasında Dövlət Sosial Müdafiə Fondu 27 min kiloqram, qeyri-hökumət təşkilatlarından Azərbaycan Hüquqşünaslar Konfederasiyası 173,4 kiloqram, özəl müəssisələrdən isə “Embawood” şirkəti 1700 kiloqram istifadə olunmuş kağız məhsullarını “ASAN xidmət” mərkəzlərinə təhvil verməklə həftənin liderləri olmuşlar.
Bununla yanaşı, vətəndaşlar da kütləvi şəkildə aksiyada iştirak edir. Onlar arasında Sevinc Şəmsəddin qızı İsayeva 56 kiloqram kağız təqdim etməklə birinci olmuşdur.
Kütləvi aksiya davam edir. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı müqabilində bir ağacın əkilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən həftə ərzində ümumilikdə 51 min 159 kiloqram kağız tullantısı təhvil verilmişdir.