CƏMİYYƏT


Hərb Tarixi Muzeyində “Silahlı Qüvvələrimiz – dünən və bu gün” mövzusunda tədbir keçirilib

Bakı 23 iyun, AZƏRTAC 

İyunun 23-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Silahlı Qüvvələrimizin yaradılmasının 99-cu ildönümü münasibətilə “Silahlı Qüvvələrimiz - dünən və bu gün” adlı tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, veteran təşkilatlarının, hərbi hissələrin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların xatirəsi anılıb.

Muzeyin rəhbəri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “26 iyun milli ordu quruculuğunun şərəfli səhifəsidir” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən və keçdiyi şanlı inkişaf yolundan söz açıb.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının əsasını təşkil edir. Müasir müstəqil Azərbaycanda ordu quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Ə.Qənizadə bildirib ki, dahi şəxsiyyət hələ sovet dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə bu baxımdan mühüm tədbirlər həyata keçirib, zəruri infrastruktur formalaşdırıb. Ulu Öndərimizin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri əsasında daha da inkişaf etdirən və qətiyyətlə reallaşdıran Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.

Sonra Muzeyin rəisinin müavini, tarix üzrə fəlsəfə doktoru Zəfər Həsənov “Milli Ordumuz dövlətimizin əsas təminatçısıdır” mövzusunda məruzə ilə çıxış edib.

Çıxışlardan sonra Silahlı Qüvvələr Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir bədii hissə ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.