CƏMİYYƏT
Hərb Tarixi Muzeyində keçirilən tədbirdə Azərbaycan Ordusunun hərbi qüdrətindən söz açılıb
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” İctimai Birliyi 26 iyun - Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirib. Tədbirdə işğal olunmuş rayonların məktəbliləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Bilik Fondunun sektor müdiri Hacı Abdulla tədbirdə çıxış edərək Azərbaycanın hərb tarixindən, ordumuzun peşəkarlığından və döyüş qabiliyyətindən söz açıb.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə muzey haqqında məlumat verərək iyunun 26-nın xalqımızın milli qürur günü olduğunu bildirib.
İctimai Birliyin sədri Vüqar Qədirov ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanda əsasını qoyduğu nizami ordu quruculuğu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Apreldə təmas xəttində baş verən toqquşmalarda Ordumuzun uğur qazanaraq düşmən üzərində gücünü nümayiş etdirdiyini qeyd edən V.Qədirov Silahlı Qüvvələrimizin regionun ən güclü ordularından biri olduğunu deyib. O, Azərbaycan Ordusunun yaxın zamanlarda işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə əminliyini vurğulayıb.
Tədbirdə bəstəkar Sevinc Tofiqqızının “İgidlər yurdusan, ey ana vətən” klipi nümayiş olunub.
Sonda məktəblilər Azərbaycan Hərb Tarixi Muzeyi ilə tanış olublar.