CƏMİYYƏT
Hərbi hissəyə döyüş bayrağının təqdim olunmasına həsr edilmiş mərasim keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsinə döyüş bayrağının təqdim olunmasına həsr edilmiş mərasim keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşılanması olub. Nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti əlamətdar hadisə münasibətilə təbrik edib.
Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə verilmiş döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib.
Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək Daxili Qoşunların inkişafından və xüsusilə son illərdə qazandığı uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına, müasir maddi-texniki bazaya malik bir quruma çevrilib.
Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində dövlətimizin başçısının, daxili işlər nazirinin əmr və göstərişlərinin mütəmadi olaraq həyata keçirildiyini qeyd edən komandan bildirib ki, şəxsi heyət bu xüsusi diqqət və qayğıya öz layiqli xidməti ilə cavab verəcək, döyüş bayrağını hünər və fədakarlıqla qoruyacaq, dövlətimizə və xalqımıza həmişə sədaqətli olacaq.
Vurğulanıb ki, hər bir azərbaycanlı üçün üçrəngli, ay-ulduzlu bayrağımız millətimizin, dövlətimizin qürur mənbəyi olduğu kimi, döyüş bayrağı da hərbi qulluqçu üçün şərəf, vicdan və hünər rəmzidir. Döyüş bayrağına ehtiramla yanaşmaq, ona hörmət göstərmək hər bir hərbi qulluqçunun müqəddəs vəzifəsi və borcudur.
Sonra daxili işlər naziri, general-polkovnik R.Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.
Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladan general-polkovnik R.Usubov onun ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini xatırladıb, Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini qeyd edib.
Nazir bildirib ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir. Məhz bunun nəticəsi olaraq, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir.
Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini qeyd edən nazir ötən il sentyabrın 22-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissədə inşa olunan yeni şəhərciyin açılışındakı iştirakını məmnunluqla xatırladaraq, dövlətimizin başçısının dəfələrlə hərbi hissələrdə olmasının, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanmasının və göstərdiyi qayğının hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verdiyini, Vətənə, xalqa xidmət əzmini daha da artırdığını vurğulayıb. Bildirilib ki, ictimai qaydanın qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur. Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməsinin, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparılmasının, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilməsinin, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Sonda daxili işlər naziri göstərdiyi ali diqqət və qayğıya görə şəxsi heyət adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaq, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, hər zaman xalqa, Vətənə, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcək.