CƏMİYYƏT
Hərbi sahədən yazan jurnalistlər üçün keçirilən təlimin iştirakçıları təltif edilib VİDEO
Bakı, 17 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycanda “Dinc Dünya” Araşdırma Mərkəzinin həyata keçirdiyi və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən “Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” (Jurnalistlərin ekstremal hallarda risklərdən çıxma öyrəncləri) layihəsi çərçivəsində təşkil olunan təlim kursları başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar sentyabrın 17-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən mərasimdə təlim iştirakçılarına diplomlar təqdim olunub.
Əvvəlcə layihə ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, filologiya elmləri namizədi, professor Həmid Vəliyev, Müdafiə Nazirliyinin zabiti Nizami Əliyev və digərləri hərbi sahədən yazan jurnalistlərin təcrübələrinin artırılması baxımından təlimin əhəmiyyətini xüsusi vurğulayıblar.
Uğurla icra olunan layihə çərçivəsində keçirilən təlimlər hərbi jurnalistlərin formalaşdırılması ilə bağlı atılan ilkin addım kimi dəyərləndirilib.
Layihə rəhbəri Əlsəfa Mehdiyev KİV təmsilçiləri üçün ilk dəfə təşkil olunan kursların ekstremal şəraitdə işləyən jurnalistlərin özlərini qoruması, cəmiyyətə düzgün informasiya çatdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, layihə çərçivəsində keçilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi, təcrübi və psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan media nümayəndələrinin peşəkarlığının artırılmasına yönəlib.
Diqqətə çatdırılıb ki, təlimlərin məqsədi təhlükəli vəziyyətlərdə, o cümlədən cəbhədən, döyüş yerindən, terror aktı baş verən ərazidən xəbər hazırlamağın hüquqi, təcrübi və psixoloji normativləri üzrə təlim keçmək, yəni hərbi mövzuda yazan jurnalistlərə bu sahədə davranış qaydalarını öyrətməkdir.
Layihə çərçivəsində keçirilən təlim hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, hərbi jurnalistlərin yetişdirilməsi baxımından mühüm addımdır.
Diqqətə çatdırılıb ki, altı gün davam edən təlimlər beynəlxalq təcrübələrə əsasən, Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılıb. Nazirliyin bazasında zabit-mütəxəssis heyəti tərəfindən keçirilən təlimlər zamanı jurnalistlər “Hərbi hissənin gündəlik xidmət rejimi”, “Hərbi təlim anlayışı”, “Əsgərin döyüş hazırlığı dərsləri” və digər mövzularda təlim-mühazirələr dinləyiblər.
Bundan başqa, jurnalistlər cəbhəyanı ərazidə yay poliqon təlimində iştirak ediblər. Bildirilib ki, təlimdə 40-dan çox jurnalist və tələbə iştirak edib.
Sonda təlimin iştirakçılarına diplomlar təqdim olunub.
Diplom alanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.