İQTİSADİYYAT
Hesablama Palatasının bülleteninin ilk nömrəsi çapdan çıxıb
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikasının Hesablama Palatası həyata keçirdiyi fəaliyyətin bütün istiqamətləri barədə ictimaiyyəti məlumatlandırmaq, dövlət vəsaitlərinin istifadəsində müəyyən edilmiş əsas nöqsanları diqqətə çatdırmaq, bu nöqsanların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı görülən tədbirləri işıqlandırmaq məqsədilə "Dövlət auditi" adlı bülleteninin nəşrinə başlayıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bülletenin çapdan çıxmış birinci nömrəsində Hesablama Palatasının 2016-cı ilin iş planına uyğun olaraq həyata keçirilmiş bir neçə nəzarət tədbiri ilə bağlı məlumatlar, həmçinin müasir dövrdə aktual məsələlərə aid təhlillər əks etdirilib.
Rübdə bir dəfə nəşr edilməsi planlaşdırılan bülleten Ali Audit Qurumları qarşısında duran əsas tələblərdən birinin - şəffaflığın və hesabatlılığın təmin edilməsi tələbinin reallaşmasına xidmət göstərəcək.