CƏMİYYƏT
Həştərxan vilayətinin nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olub
Bakı, 27 may, AZƏRTAC
Rusiya Federasiyası Həştərxan vilayətinin rəsmi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətində olub.
Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyətinin rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşündə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya Federasiyasının Həştərxan vilayəti ilə mövcud sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Minnətdarlıq hissi ilə qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri reallaşdırılıb və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, nümayəndə heyətinə Həştərxan hökuməti sədrinin müavini, sənaye, nəqliyyat və təbii sərvətlər naziri Sergey Krjanovski, Həştərxan hökuməti sədrinin müavini, iqtisadi inkişaf naziri Elina Polyanskaya, beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev və digər rəsmi şəxslər daxildir.