SİYASƏT


Həştərxanda “Xəzər mediaforumu-2016” keçirilir

A+ A

Həştərxan, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Rusiyanın Həştərxan şəhərində İkinci “Xəzər mediaforumu-2016” işə başlayıb.

Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə keçirilən, Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumda 250-dən çox KİV mütəxəssisi iştirak edir.

Azərbaycan nümayəndə heyəti açılış mərasimində böyük təqdimat proqramı ilə çıxış edib. Tədbirdə Azərbaycanın turizm potensialına, multikulturalizm ənənələrinə, idman, ekologiya sahələrində ölkəmizdə görülən işlərə həsr olunmuş videoçarxlar təqdim olunub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş redaktoru Yaşar Quluzadə açılış mərasimində çıxış edərək AZƏRTAC barədə məlumat verib. Agentliyin fəaliyyətinə həsr olunmuş videotəqdimat forumda maraqla qarşılanıb.

Dörd gün davam edəcək forumda Xəzəryanı dövlətlərdə medianın fəaliyyətinə dair məruzələr dinləniləcək, informasiya siyasəti, internet jurnalistikası, KİV-lər üçün kadr hazırlığı və digər mövzularda “dəyirmi masa”lar və ustad dərsləri keçiriləcək, təcrübə mübadiləsi, media-biznes və müasir texnologiyaların tətbiqi istiqamətində müzakirələr aparılacaq.

Forumun təşkilatçılarının fikrincə, son vaxtlar sıx işgüzar, mədəni, iqtisadi və ticarət əlaqələri qurmuş Xəzər hövzəsi dövlətlərinin ümumi informasiya və kommunikasiya məkanının yaradılmasına ehtiyac duyulur. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin forum iştirakçılarına müraciətində deyildiyi kimi, Xəzər ölkələri balıqçılıq, nəqliyyat, neft və qaz hasilatı, turizm sahələrini inkişaf etdirməklə yanaşı, dənizin nadir təbiətini qoruyub saxlamağa çalışır və ən mürəkkəb məsələləri birgə həll etməlidirlər.

Forum çərçivəsində “Kaspiyskaya meçta-2016” Beynəlxalq jurnalist yazıları müsabiqəsi də elan olunub. “Xəzər ideyalar dənizidir”, “İnsan və dəniz”, “Xəzər kruizi” və “FotoKaspiy” nominasiyalarında qaliblərin adları forumun axırıncı günü açıqlanacaq. Qaliblərin təntənəli mükafatlandırma mərasimi keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Həştərxan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.