SİYASƏT


Heydər Əliyev Mərkəzi ilə tanışlıq Xorvatiya Prezidentində xoş təəssüratlar yaradıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

Ali qonaq “Azərbaycan inciləri” sərgisi ilə tanış olub. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Xorvatiya Prezidenti “Mini Azərbaycan” sərgisinə də baxıb. Bu sərgidə ali qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə edib.

Dövlət başçısı, həmçinin müxtəlif tədbirlərin keçirildiyi “Auditorium” zalında olub.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Xanım Kolinda Qrabar-Kitaroviç Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.