CƏMİYYƏT
Heydər Əliyev adına neft emalı zavodunda müşavirə keçirilib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda Fövqəladə Hallar Nazirliyinin (FHN), şirkətin təhlükəsizlik idarəsi mütəxəssislərinin və zavod rəhbərliyi nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti Dövlət Agentliyinin kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Üzeyir Namazov çıxışında təhlükə potensiallı obyekt və müəssisələrdə, o cümlədən Heydər Əliyev adına neft emalı zavodunda təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına gündəlik nəzarətin zəruriliyini qeyd edib. Vurğulanıb ki, zavodun istehsalat sahələrində çox mürəkkəb texnoloji-kimyəvi proseslər gedir və bu, texniki təhlükəsizlik sisteminin durmadan təkmilləşdirilməsini tələb edir. Müəssisədə çalışan əməkçilərin təhlükəsiz şəraitdə fəaliyyət göstərmələri prioritet hesab olunur. Zavodda bu il mayın 4-dən başlayaraq 10 gün ərzində təhlükəsizlik texnikası üzrə yoxlamalar keçirilib və qənaətbəxş nəticələr əldə edilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin neft emalı müəssisələri üzrə yanğından mühafizə dəstəsinin yanğın profilaktikası üzrə rəis müavini Ruslan Zeynalov, SOCAR-ın təhlükəsizlik idarəsinin komanda rəisləri bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar.