CƏMİYYƏT
Hindistan Konstitusiyasının qəbul edilməsinin 66-cı ildönümü qeyd olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Hindistan Konstitusiyasının qəbul edilməsinin 66-cı ildönümü ilə bağlı noyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ADU-da fəaliyyət göstərən Hindistan Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub.
Əvvəlcə Hindistan Konstitusiyasına həsr edilən videoçarx nümayiş olunub.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Əsas Qanununun tarixindən danışıb. O, Mohatma Qandi başda olmaqla, azadlıq mübarizlərinin fəaliyyəti nəticəsində qəbul edilən bu sənədin Hindistan xalqının tarixində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Səfir 1949-cu il noyabrın 26-da qəbul edilən Konstitusiyanın 1950-ci il yanvarın 26-da qüvvəyə mindiyini deyib.
Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun üzvü, deputat Qənirə Paşayeva Konstitusiya günü münasibətilə Hindistan xalqına təbriklərini çatdırıb. Bir müddət əvvəl Hindistanda olduğunu xatırladan deputat səfər çərçivəsində bu ölkə parlamentinin üzvləri və tanınmış ictimai-siyasi xadim Sonya Qandi ilə görüşdüyünü diqqətə çatdırıb. Deputat Azərbaycan ilə Hindistan arasında münasibətlərin daha da inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.
ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov universitetin nəzdində Hindistan Mərkəzinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan-hind-rus-ingilis dillərində lüğətin çap edildiyini vurğulayıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov ölkələrimiz arasında münasibətlərin qədim tarixə malik olduğunu söyləyib. O, Atəşgah məbədinin bunun göstəricisi olduğunu qeyd edib, Azərbaycan və Hindistanın milli mətbəxləri arasında oxşarlıqlardan danışıb.
Azərbaycandakı Hindistan Assosiasiyasının nümayəndəsi Şuçita Set isə ölkəsinin Konstitusiyasında qadınların və kişilərin bərabər hüquqlara malik olması ilə bağlı maddələrin yer aldığını qeyd edib.
Sonda universitetdə hindşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.