CƏMİYYƏT
Hyunqun An: “ADEX 2016” sərgisinə maraq böyükdür
Bakı, 1 oktyabr, AZƏRTAC
Koreya Respublikasının “Daekwang Chemical Co. LTD” şirkəti “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində ilk dəfədir iştirak edir. Sərgidə şirkətin əsas məhsulları - gözyaşardıcı qumbaralar və qazla doldurulmuş balonlar təqdim olunur.
Şirkətin meneceri Hyunqun An AZƏRTAC-ın müxbirinə bildirib ki, biz Azərbaycanda brendimiz barədə məlumatlılıq səviyyəsini yüksəltmək və birbaşa təchizat əlaqələri qurmaq niyyətindəyik. Məqsədimiz ziyarətçilərə məhsullarımızın xüsusiyyətləri barədə məlumat vermək, eləcə də digər ölkələri təmsil edən iştirakçılarla münasibət qurmaqdır. Şirkətin hədəf auditoriyası polis, daxili qoşunlar və müdafiə komplekslərinin nümayəndələridir.
“Sərgi yüksək səviyyədə təşkil olunub. Mən stendimizə yaxınlaşaraq şirkətimizin təklif etdiyi məhsullarla diqqətlə tanış olan peşəkarlar, eləcə də Azərbaycan müdafiə kompleksinin nümayəndələri tərəfindən böyük marağı müşahidə etdim. Bu da sərgiyə böyük marağın olmasının göstəricisidir”, - deyə şirkət rəsmisi deyib.