CƏMİYYƏT


“İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin konfransına Türkiyə sədrlik edəcək

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 1-dən 3-dək Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbulda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI konfransı keçirilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan siyasi fəaliyyəti dövründə ən çox qadınlardan dəstək gördüyünü, onları daim siyasətə dəvət etdiyini deyib. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəhbərlik etdiyi dövrdə qadın millət vəkillərinin sayının artırılmasına çalışdığını, təhsildə, səhiyyədə, ümumiyyətlə, hər sahədə qadınlara kömək etdiyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək hələ də münaqişə bölgələrində qadınların böyük problemlər yaşadıqlarını bildirib. “Təəssüf ki, ən böyük problemi qadınlar yaşayır. Təbii ki, hər sahədə mövcud olan ayrı-seçkiliklərin aradan qaldırılması lazımdır. Çünki İslam heç bir zaman ayrı-seçkiliyi dəstəkləmir”, - deyə Hicran Hüseynova əlavə edib.

Komitə sədri bu məsələlərdə bütün dövlətlərin, təşkilatların birgə fəaliyyətinin əhəmiyyətini, eyni zamanda, məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə və qərar qəbuletmədə təmsilçiliyinin artırılması, eləcə də onların iqtisadiyyat sahəsində fəallığının artırılması ilə bağlı Azərbaycanda aparılan mühüm işləri diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan qadınlarının arxasında güclü dövlət dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində geniş imkanlar və mükəmməl qanunvericilik bazası mövcuddur.

Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan qadınları idarəetmədə fəal iştirak edirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qadınlarımızın problemlərinin həllinə, zorakılıqla mübarizə məsələsinə xüsusi diqqətlə yanaşır. Mehriban Əliyeva ictimai, mədəni və digər sahələrdəki humanist və xeyriyyəçi fəaliyyəti ilə qadınlarımıza örnəkdir.

Konfransda qadınların statusu ilə əlaqədar imzalanmış müvafiq sənədlərlə bağlı Azərbaycan hökumətinin hesabatları dinlənilib. Həmçinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI konfransında sədrliyin Azərbaycandan Türkiyəyə verilməsi mərasimi keçirilib.

Konfrans çərçivəsində Hicran Hüseynova Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Əfqanıstanın qadın məsələləri üzrə naziri Delbar Nazari və İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Şahindoxt Molaverdi ilə görüşərək birgə əməkdaşlıq və gender məsələlərini müzakirə edib.

Qeyd edək ki, “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin V konfransı 2014-cü ildə Bakıda keçirilib. Bundan başqa, 2011-ci il oktyabrın 25-də Türkiyə Respublikası ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq protokolu imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.