CƏMİYYƏT
IDEA İctimai Birliyi “Təmiz Kür” şüarı ilə aksiya keçirib VİDEO
Bakı, 30 iyun, Xanım Nağıyeva, AZƏRTAC
İyunun 30-da IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında təmizlik aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, aksiya Kür çayının Neftçala rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində keçirilib.
Əsas məqsəd Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə, Xəzər faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.
Tədbir çərçivəsində IDEA İctimai Birliyinin sanitar normalara uyğun ləvazimatlarla təchiz olunmuş 100-ə yaxın (30 nəfəri Neftçaladan olan yerli gənc) könüllüsü tərəfindən Kür çayının məişət tullantılarından təmizlənməsi həyata keçirilib.
Tədqiqatlar göstərir ki, çaylara atılan məişət və sənaye tullantılarının getdikcə çoxalması Kür çayı, o cümlədən Xəzər dənizində balıq artımının kəskin azalma səbəblərindən biridir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən Kür çayı sahilində bu cür təmizlik aksiyaları təşkil edilir.
IDEA İctimai Birliyi, “Blue Marine Foundation” təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayı sahillərində keçirilmiş aksiya təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunması baxımından böyük önəm kəsb edir.