İDMAN
İDMANÇILARIMIZIN BÖYÜK QƏLƏBƏLƏR QAZANMASI ÜÇÜN YAXŞI ƏSAS VAR
Bu fikri Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyev dekabrın 3-də, Varşavada keçirilmiş ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanmış Nizami Paşayevi, mlli komandanın baş məşqçisi Əfsət Əfsətovu və Ağırlıqqaldırma Federasiyanın prezidenti Cahangir Əsgərovu qəbul edərkən söyləmşdir.
MOK-un prezidenti İlham Əliyev belə böyük yarışda vətənimizi ləyaqətlə təmsil edib xalqımızı növbəti dəfə sevindirdiyinə görə Nizami Paşayevi, habelə onun məşqçisini təbrik etdi, onlara yeni uğurlar arzuladı. O, dünya çempionatında birinci yeri tutmağın asan olmadığını, gəncliyinə baxmayaraq, güclü rəqiblərlə mnbarizədə idmançımızın yüksək fiziki, mənəvi və psixoloji hazırlıq nümayiş etdirdiyini vurğuladı.
Məşqçilərin, mütəxəssislərin rolunu yüksək qiymətləndirən MOK-un rəhbəri dedi ki, bəzən görkəmli idmançı yarışda o qədər də ağır olmayan çəkini qaldıra bilmir. Halbuki məşq zamanı o, həmin çəkini asanlıqla qaldırır. Yəni idmançı fiziki cəhətdən güclü olmaqla yanaşı, psixoloji baxımdan da mübarizəyə hazır olmalıdır. Bu isə məşqçidən çox asılıdır. Bütün bu amillərin olmasına görə Nizami Paşayev qələbə qazandı, Azərbaycanın bayrağını qaldırdı, dövlət himnimizi səsləndirdi. Mən bunu yüksək qiymətləndirirəm. Çox şadam və sevinirəm ki, Azərbaycanda belə idmançı, məşqçi və Federasiya var.
Maddi-texniki bazanın yaradılmasında, idmançılara qayğı göstərməsində, perspektivli idmançıların yetişdirilməsində, məşqçi heyətinin foramalaşmasında Ağırlıqqaldırma Federasiyasıının fəaliyyətini müsbət dəyərləndirən İlham Əliyev bildirdi ki, əgər vaxtında bu işlər görülməsəydi, əlbəttə, bugünkü qələbələr də olmayacaqdı. Bütün bu qələbələrin arxasında gərgin iş, bir neçə illik fəaliyyət durur. Əməinəm ki, Federasiya bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcək və idmançılarımız yeni-yeni uğurlar qazanacaqlar.
MOK-un prezidenti dünya çempionatında iştirak edən digər idmançılarımızın da çıxışlarına baxdığını, onların güclü potensiala maliık olduğunu, milli komandanın baş məşqçisi, təcrübəli Əfsət Əfsətovun Azərbaycana qayıtmasını çox təqdirəlayiq hal hesab edərək vurğuladı ki, ilkin mərhələdə bəzi dairələr, bəzi mətbuat orqanları buna qiymət vermədilər, yaxud vermək istəmədilər. Buna baxmayaraq, həyat, real nəticələr göstərir ki, bu, düzgün qərar idi. Deyə bilərəm ki, həm Federasiya rəhbərliyi, həm məşqçilər, həm də idmançılar mübariz komanda şəklində fəaliyyət göstərirlər. Məhz bu amillərə görə biz böyük nailiyyət əldə edirik.
Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Əsgərov və dünya çempionu Nizami Paşayev onlara göstərilən diqqət və qayğıya görə İlham Əliyevə dərin təşəkkür etdilər, bu nailiyyətlərin əldə olunmasında MOK-un rəhbərinin əvəzsiz xidmətlərini yüksək qiymətləndirdilər. Onlar söz verdilər ki, Afinada keçiriləcək növbəti olimpiya oyunlarında ağırlıqqaldıranlar ölkəmizə qızıl medal gətirəcəklər.
MOK-un prezidenti Sidney Olimpiadasında iştirak edərkən çox gənc olan Nizami Paşayevin o vaxt zədə aldığını, lakin sonrakı olimpiya oyunlarında qızıl medal qazanacağına söz verdiyini xatırlatdı. İlham Əliyev indi idmanda rəqabətin çox güclü olduğunu, digər ölkələrin idmançılarının da qələbə qazanmaq istədiyini vurğulayaraq dedi ki, ağırlıqqaldırmada idmançının qarşısında yalnız bir alət var, o da ştanqdır. İlk baxışdan bu, sadə görünən idman növüdür. Əslində isə çox mürəkkəbdir. Burada taktiki gedişlər də çox mühüm rol oynayır. Gərək rəqibin gücünə bələd olasan. Siz çox məharətlə bütün çətinliklərdən çıxmısınız. Əminəm ki, gələcəkdə də böyük qələbə qazanmaq üçün yaxşı əsas var. Hesab edirəm, qaldırılan çəkilər Nizami üçün son hədd deyil, onun potensialı var. Ümidvarıq ki,Nizami Paşayev Afinada keçiriləcək olimpiya oyunlarından böyük qələbə ilə qayıdacaqdır.
Sonra MOK-un prezidenti İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev görüşdə iştirak edirdi.
Foto Yaşar Xəlilovundur