MƏDƏNİYYƏT
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri mükafatlandırılıblar
Bakı, 3 iyun, Ceyhun Alışlı, AZƏRTAC
İyunun 3-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizə gələn qonaqların müxtəlif tarixi məkanlara, turizm mərkəzlərinə səfərlərini və şəhər turunu əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Daha sonra festivalın nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.
Festivalın Qran-pri mükafatına xorvatiyalı rejissor Herve Tirmarşenin “Dubrovnik və Zaman” filmi layiq görülüb. Milli mükafatı isə rejissor Rüfət Kərimzadənin çəkdiyi “Yurdum” filmi qazanıb.
Müsabiqədə “Ölkə, region, şəhər” nominasiyası üzrə birinci yeri banqladeşli rejissor Qiyasuddin Səlimin “Çaylar diyarı” filmi, ikinci yeri gürcüstanlı rejissor Beqa Jquburianın “Gürcüstanda qış” filmi tutub.
“Mədəniyyət, ənənə” kateqoriyasında birinci yerə rejissor Tofiq Şahverdiyevin “Lahıc” filmi, ikinci yerə irlandiyalı rejissor Peddi Heysin “Monqol rapsodiyası”, üçüncü yerə isə rusiyalı rejissor Andrey Titovun “Ədəbiyyat mərkəzi. Əfsanə” filmi layiq görülüb.
“Reklam filmləri” nominasiyasında qalib Polşa rejissoru Corc van der Ueydenin ekranlaşdırdığı “Polşa Rivierası” filmi olub.
“Turizm xidmətləri” kateqoriyasında isə birinciliyi Böyük Britaniya rejissoru Alesteyr Liynin lentə aldığı “Sitadel” adlı filmi əldə edib.
Nəhayət, sonuncu nominasiyada - “TV filmləri” kateqoriyasında Baham adalarından olan rejissor Brayan Smokerin “Səyyah:Ritmik Nassau” filmi qalib gəlib. Çexiyalı rejissor Libor Spacekin “Papua Yeni Qvineyaya qaçış” və rusiyalı rejissor Mixail Deqtyarın “Bakı, Azərbaycan” filmləri isə bu nominasiyada ikinci və üçüncü yerləri bölüşüb.