İQTİSADİYYAT
İKT Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən olunub
Bakı, 4 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İKT) elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qalib tələbə startap layihələrinin təqdimatı olub.
Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı qalibləri təbrik edərək bildirib ki, seçilmiş startapçılar daim öz ideyaları üzərində işləməklə, innovativ texnologiyalara söykənən yeni müəssisələrin qurulmasına çalışmalıdırlar. İKT Fondunun fəaliyyətini yüksək qiymətləndirən rektor belə layihələrin davamlı olmasını arzulayıb.
Fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, İKT Fondunun elan etdiyi 2016-cı ilin qrant müsabiqəsinə 121 layihə təqdim olunub, onlardan 112-si ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasının müzakirəsinə verilib. Şuranın qərarı ilə 29 layihə qalib elan olunaraq, ümumilikdə 395 min manat qrant vəsaiti ayrılıb.
Qaliblərə uğurlar arzulayan nazirliyin şöbə müdiri Tahir Məmmədov bu kimi innovativ təşəbbüslərin ölkənin İKT sektorunun inkişafına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə ADNSU-nun Startap və İnnovasiya Mərkəzi ilə yanaşı, “Startap Azərbaycan” Hərəkatı, Qafqaz Universitetinin Texnoparkı, Memarlıq və İnşaat Universitetinin Biznes İnkubatoru, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes İnkubatoru və digər startap ekosisteminin üzvləri iştirak ediblər.
Sonra ADNSU-nun qrant müsabiqəsində qalib olmuş “Comfortab” və “Magic Words” layihələrinin, o cümlədən digər qalib layihələrin təqdimatları olub.
Sonda qrant müsabiqəsində qalib olan bir neçə tələbə startapçıya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, İKT Fondu Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Memarlıq və İnşaat universitetlərində, həmçinin regionlarda Lənkəran Dövlət, Mingəçevir Dövlət və Gəncə Dövlət universitetlərində biznes inkubatorlarının yaradılmasına dəstək verib. Biznes inkubatorların və mərkəzlərin yaradılmasında əsas məqsəd gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorların yaradılmasına dəstək verir, eyni zamanda, mövcud inkubatorlarda mütəmadi infosessiyalar təşkil edir.