CƏMİYYƏT
ISESCO Azərbaycan mütəxəssislərinin hazırladığı sənədlərin elektron imzalanması platformasını tətbiq etməyi planlaşdırır
Bakı, 1 dekabr, AZƏRTAC
ISESCO Baş Konfransının XII sessiyasında təşkilatın elektron sənəd dövriyyəsi sistemində sərhədlərarası innovativ elektron və mobil imza, elektron sənədlərin idarə edilməsi platformasının tətbiqinə dair Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs nəzərdən keçirilib. Beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitetin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.
Tədbirdə mövzuya dair təqdimatla çıxış edən “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe bu ideyanın yaranması tarixi barədə məlumat verib, eləcə də layihənin imkanları və ISESCO daxilində tətbiqi perspektivlərindən danışıb. “ISESCO BESTDOC PORTAL” adlandırılacaq bu platforma xüsusi olaraq ISESCO üçün Azərbaycanın “ASAN İmza” və “ASAN ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyi ilə fəaliyyət göstərəcək və təşkilata üzv ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq. Platformadan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq. Ümumilikdə, sistemin işə düşməsi ISESCO-ya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin IT innovasiyalara və elektron həllərə söykənən müstəvidə daha da inkişaf etməsinə zəmin yaradacaq.
Hazırda “B.EST Solutions” şirkəti tərəfindən “ISESCO BESTDOC PORTAL” layihəsinin texniki aspektləri üzərində iş aparılır. İlkin olaraq platformanın 2016-cı ildə istismara verilməsi planlaşdırılıb.