MƏDƏNİYYƏT


ISESCO İcraiyyə Şurasının sessiyasında münaqişə regionlarında mədəni irsin vəziyyətinə dair proqramın hazırlanması təklif olunub

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 4-5-də Mərakeş Krallığının Rabat şəhərində ISESCO-nun İcraiyyə Şurasının sessiyası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə iştirak edib.

Sessiyanın açılışında çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tədbirin əhəmiyyətini vurğulayaraq qurumun ötənilki sessiyasının və 12-ci Baş Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

İclasın gündəliyində duran məsələlərin müzakirəsi zamanı İcraiyyə Şurasının üzvü kimi çıxış edən Vasif Eyvazzadə Azərbaycan-ISESCO münasibətlərinin ölkə rəhbərliyinin dəstəyi ilə daim inkişaf etdiyini, ötən həftə Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycrinin ölkəmizin ərazi bütövlüyü, işğalçı Ermənistanla bağlı qətiyyətli mövqeyinin və çıxışının cəmiyyətimizdə yüksək qarşılandığını deyib.

Baş katib, habelə ISESCO-nun “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığının, dövlətimizin başçısının ölkəmizdə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması barədə sərəncamlarının önəmini qeyd edib. V.Eyvazzadə münaqişə regionlarında mədəni irsin vəziyyəti və onun müdafiəsinin təşkili məqsədilə proqram həyata keçirilməsini, eyni zamanda, ISESCO-ya üzv ölkələrin Milli komissiyaları arasında əməkdaşlığı gücləndirmək məqsədilə layihələrin hazırlanmasını təklif edib.

İclasdan sonra şöbə müdiri ISESCO-nun elm, təhsil və mədəniyyət sahələri üzrə məsul departament rəhbərləri ilə görüşlər keçirib və Milli Komissiya ilə bu istiqamətdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.