CƏMİYYƏT
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti alman şirkətinin dəvəti ilə Əbu-Dabiyə gedib
Bakı, 2 may, AZƏRTAC
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Almaniyanın “Munich Health and Daman Holding” şirkətinin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yola düşüblər.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.
“Munich Health and Daman Holding” şirkəti 2006-cı ildə Əbu-Dabidə icbari tibbi sığorta sisteminin modelini qurub. Səfərin məqsədi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətini həmin şirkət tərəfindən Əbu-Dabidə qurulan sistemlə, səhiyyənin maliyyələşmə mexanizmləri ilə tanış etmək, yerli qurumlarda görüşlər keçirmək, mövcud təcrübəni araşdırmaqdır.
Azərbaycan nümayəndə heyətinin tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, şöbə müdirləri İsa Əliyev və Vüqar Qurbanov daxildirlər.