CƏMİYYƏT
İçməli su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə ilə bağlı 854 fakt aşkarlanıb
Yanvar-sentyabr aylarında qeyri-əhali qrupunda içməli su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə ilə bağlı 854 fakt aşkarlanıb.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində səhmdar cəmiyyətə 581 min manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Görülmüş tədbirlər sayəsində əvvəlki illərdən qalmış cərimələr də nəzərə alınmaqla, 878 min manatın ödənilməsi təmin olunub.
Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni və özbaşına istifadə ilə bağlı tələblər sərtləşdirilib. Eləcə də “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsində “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli” də təsdiqlənib. Cədvəl www.azersu.az saytında yerləşdirilib.
İndi su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulması cinayət məsuliyyəti də yaradır. Belə ki, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə 3000 manatdan 5000 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.