CƏMİYYƏT


İcmaların su çatışmazlığına hazırlığı iqlim dəyişikliyi risklərinin azaldılmasına imkan yarada bilər

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

BMT-nin İnkişaf Proqramı (BMT İP) və Qlobal Ekoloji Fondun Fövqəladə Hallar Nazirliyi ilə birgə icra etdiyi layihə çərçivəsində Qəbələ şəhərində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar təşkil olunub.

BMT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən seminarda yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri iştirak ediblər.

“Bizim məqsədimiz təhlükə altında olan ərazilərdə yaşayan icmaların su çatışmazlığını və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdan ibarətdir”, - deyə BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev seminar iştirakçılarını salamlayarkən bildirib.

Diqqətə çatdırılıb ki, su üzrə müasir inteqrasiyalı idarəetmə üçün müvafiq institusional baza tələb olunur. Normativ-hüquqi aktlarda iqlim dəyişikliyi məsələsini əhatə etmək üçün layihə çərçivəsində ölkənin Su Məcəlləsinə yeni düzəlişlər hazırlanıb.

M.Əfəndiyev su üzrə innovativ idarəetmə üçün əlaqələndirilmiş yanaşmanın zəruri olduğunu vurğulayıb.

Seminar qrup müzakirələri formasında keçirilib. İştirakçılar erkən xəbərdarlıq sisteminin komponentləri, o cümlədən risklərin qiymətləndirilməsi, monitorinq və xəbərdarlıq, kommunikasiya və təşviqatla bağlı öz təcrübələrini bölüşüblər.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Gündüz Həmzəyev isə iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib.

Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib. Ekspertlər quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyətini vurğulayıblar. İcma əsaslı erkən xəbərdarlıq sisteminin tam səfərbərliyi daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirilib. Ekspertlər eksperimental təcrübə üçün Azərbaycanın Mıxlıqovaq icmasını seçiblər.

Kommunikasiya zəncirini və iştirakçıların müzakirə edilən məsələlər barədə biliklərini yoxlamaq üçün seminarın sonunda Su İstifadəçiləri Birliyinin üzvləri ilə simulyativ məşq keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.