CƏMİYYƏT


İctimai Komitənin yeni veb-səhifəsinin təqdimatı keçirilib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq, ölkəmizdə şəffaflığa, ictimaiyyətlə əlaqələrə, açıq hökumət prinsiplərinə xüsusi önəm verilir, bu məqsədlə vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Bununla əlaqədar 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir. İctimai Komitə penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının müdafiəsi prosesində, xüsusilə də cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində dəyərli töhfələr verir. “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq, Komitə ədliyyə fəaliyyətinin digər istiqamətləri üzrə görülən işlərə də fəal cəlb edilib, o cümlədən ədliyyə orqanlarının işi üzrə ictimai rəyin və vətəndaş məmnunluğunun səviyyəsinin öyrənilməsində, qulluğa qəbul prosesində, nazirliyin təşkil etdiyi müxtəlif tədbirlərdə yaxından iştirak edir. Komitə tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə uğurlu əməkdaşlıq həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Mətbuat Mərkəzində İctimai Komitənin yeni veb-səhifəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İctimai Komitənin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Prezident yanında Əfv Məsələləri Komissiyasının təmsilçiləri, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, insan hüquqları üzrə müvəkkili aparatının, habelə vətəndaş cəmiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İctimai Komitənin üzvü Sahib Məmmədov tədbiri açaraq İctimai Komitənin əvvəllər yaradılmış veb-səhifəsinin son zamanlarda müasir tələblərə uyğun təkmilləşdirildiyini və interaktiv şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O, Komitənin “İctimai iştirakçılıq haqqında” Qanun əsasında yaradılmış ictimai şura və komitələr arasında veb-səhifəsi olan ilk qurum olduğunu diqqətə çatdırıb, göstərilmiş dəstəyə görə Ədliyyə Nazirliyinə və tərəfdaş təşkilat olan Avrasiya Əməkdaşlıq Fonduna təşəkkürünü bildirib.

İctimai Komitənin əlaqələndiricisi, Milli Məclisin deputatı Çingiz Qənizadə bu ilin sentyabrında yaranmasının 10 ili tamam olan İctimai Komitənin cəza sisteminin humanistləşməsindəki rolundan, ictimai nəzarətin təmin edilməsi, məhkumların islah olunması proseslərində yaxından iştirakından danışıb, Komitənin yeni veb-səhifəsinin istifadəyə verilməsini yüksək qiymətləndirib. Ç.Qənizadə ictimai iştirakçılıq məsələlərini tənzimləyən qanunvericiliyin qəbul olunmasından xeyli əvvəl Ədliyyə Nazirliyi tərəfindən belə bir qurumun yaradılmasını təqdir edib.

Tədbirdə digər iştirakçıların da çıxışlarında İctimai Komitənin şəffaflığın, ictimai nəzarət və açıq hökumət prinsiplərinin təşviqinə, vətəndaş cəmiyyəti və hüquq mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlığa xidmət edən fəaliyyəti qeyd olunub. Komitənin gördüyü işlər barədə geniş ictimaiyyətin məlumatlandırılması, həyata keçirdiyi tədbirlərin əlçatımlılığının daha yüksək səviyyədə təmin olunması baxımından bu qurumun veb-səhifəsinin interaktiv şəkildə fəaliyyət göstərməsi uğurlu addım kimi dəyərləndirilib.

Eyni zamanda, tədbirdə Ədliyyə Nazirliyi tərəfindən şəffaflığın və açıq hökumət prinsiplərinin təmin olunması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi sahəsində görülmüş işlər müsbət qiymətləndirilib. Konstruktiv əməkdaşlığın bundan sonra da davam etdirilməsinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.