CƏMİYYƏT
İctimai davranış qaydalarının təbliği ilə bağlı layihənin icrasına start verilib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Nizami rayonunda “İctimai davranış qaydalarının təbliğinə yaradıcı gənclərdən dəstək” layihəsinin icrasına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılacaq layihənin müəllifi Aysel Əliyeva açılış tədbirində çıxış edərək əsas məqsəd və vəzifələrdən danışıb.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov ictimai davranış qaydalarının pozulması halları ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan intizam tədbirləri barədə məlumat verib. Bildirib ki, bəzi hallarda bu cəza növlərinin tətbiqi mümkün olmadığı üçün və ya ictimai davranış qaydalarının pozulmasının aşkar olunması gecikdiyi üçün problemin qarşısını almaq çətin olur. Məhz buna görə insanların maarifləndirilməsi üçün yeni metodların düşünülməsi vacibdir. Layihə yaradıcı gənclərin potensialından istifadə etməklə insanların bu baxımdan maarifləndirilməsinə kömək məqsədi daşıyır.
Çıxışlardan sonra gənclər və yeniyetmələr arasında rəsm müsabiqəsinə start verilib.
Layihə çərçivəsində 30-dan artıq rəsm əsəri təqdim edilib. Əsərlərin nümayiş olunduğu sərgi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Sonda sərgi iştirakçılarının mükafatlandırılması mərasimi olub. Layihə iştirakçılarına sertifikatlar, hədiyyələr və bütün rəsm əsərlərinin yer aldığı kataloqlar təqdim edilib.