CƏMİYYƏT
İdman və həvəskar ov zamanı 5 kiloqrama qədər balıq ovlana bilər
Bakı, 17 iyun, G.Mahmudlu, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli, 243 saylı qərarı ilə insanların balıq ətinə olan tələbatının təmin edilməsi, asudə vaxtlarında - əsasən həvəskar balıqçıların - istirahətinin səmərəli təşkili, akvakultura, elmi-tədqiqat, maarifləndirmə və iqlimləşdirmə məqsədilə balıq ovunun tənzimləməsini təmin edən su bioresurslarının, o cümlədən balıq ovunun qaydaları təsdiq edilib.
Həmin qaydalara əsasən, su bioresurslarının, o cümlədən balıq ehtiyatlarının qorunub saxlanılmasının prioritet məsələ olduğu nəzərə alınaraq, balıq və digər su bioresurslarının ovu müəyyən edilmiş çərçivələrdə həyata keçirilməlidir. Qərara uyğun olaraq Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən balıqların - nərəkimilərdən kələmo, Xəzər qızılbalığı, qızılxallı, poru, Xəzər şirbiti, qılıncbalıq, Şirvan külməsi, zərdəpər, dəniz sıfı – ovuna icazə verilmir. Eyni zamanda, Xəzəryanı ölkələrin razılaşmasına əsasən, nərəkimilərin sənaye ovuna moratorium qoyulub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş müfəttişi İsmayıl Yunusov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.
İ.Yunusov bildirib ki, əvvəlki illərdən fərqli olaraq yeni qərarda balıq və digər su bioresurslarının akvakultura məqsədilə ovu nəzərdə tutulub. Sənaye balıqovunda qaydalar dəyişilməzdir. İdman və həvəskar balıq ovu qaydalarında müəyyən məhdudiyyətlər var. Bu məqsədlə 5 kiloqrama qədər balıq ovlana bilər.
Baş müfəttiş qeyd edib ki, 2010-cu il noyabr ayında Bakı şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündə ölkə rəhbərləri, nərə balığı növlərinin kommersiya ovuna beştərəfli moratoriumun tətbiqi mexanizminin işlənib hazırlanması razılığına gəliblər. Dörd il sonra sentyabr ayında isə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşündə isə qəbul olunan protokolda Xəzəryanı ölkələrin Hökumətlərinə Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının hökumətlərarası statusuna qaldırılması barədə sazişin razılaşdırılması tapşırılıb. Hazırda bu sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Cari ildə Bakıda Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının birinci iclası keçiriləcək və nəticə olaraq nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında saziş imzalanmaq üçün Xəzəryanı ölkələrin hökumətlərinə təqdim oluna bilər.