MƏDƏNİYYƏT
İkinci “Bakı Beynəlxalq Memarlıq” müsabiqəsinin “Bakı Qətnaməsi” imzalanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən İkinci “Bakı Beynəlxalq Memarlıq” müsabiqəsinə yekun vurulub.
Azərbaycan Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Vonierin (ABŞ) sədrlik etdiyi və Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtasın (Yunanıstan) üzv olduğu beynəlxalq münsiflər heyəti müsabiqənin nəticələrini müəyyən etdikdən sonra “Bakı Qətnaməsi”ni imzalayıblar.
Sənəddə qeyd olunub ki, İkinci “Bakı Beynəlxalq Memarlıq” müsabiqəsinin qaliblərini müəyyən etmək üçün oktyabrın 9-da Bakıda toplanan Beynəlxalq Memarlar İttifaqının (UIA) münsiflər heyəti, regional münaqişələr zamanı böyük tarixi, mədəni, etnik və dini əhəmiyyət kəsb edən binaların və obyektlərin qəsdən məhv edilməsi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Son zamanlar Suriya, Əfqanıstan, Livan və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində, Malidə, Cibutidə və digər ərazilərdə böyük humanitar dəyər kəsb edən incəsənət əsərləri, binalar və obyektlərin məhv edildiyi diqqətə çatdırılıb.
Münsiflər heyəti beynəlxalq təşkilatları münaqişələrin sülh yolu ilə həll edilməsinə və dini, bədii, mədəni və etnik əsərlərin və rəmzlərin qəsdən məhv olunmasının qarşısının alınmasına çağırır. Eyni zamanda bütün dünya memarlarına xitabən bu məsələlərlə bağlı xüsusi konfransın keçirilməsi təklifini irəli sürür.