İQTİSADİYYAT
İlin ilk rübündə BTC kəməri ilə 8,3 milyon ton xam neft ötürülüb
Bakı, 10 may, AZƏRTAC
Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 8,3 milyon ton, yaxud 61,7 milyon barrel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 77 tankerə yüklənib.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2017-ci il mart ayının sonunadək BTC ilə ümumilikdə 357 milyon ton (təxminən 2,67 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3502 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
İlin ilk üç ayında BTC üzrə əməliyyat xərclərinə təqribən 29 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.
“BTC Ko.”nun səhmdarları BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.